8 Noyabr: İllərin intizarına son qoyan Möhtəşəm Zəfər Günü
[center]
[/center]
Noyabrın 8 – təkcə təqvimdəki bir tarix deyil, xalqın illərlə qəlbində daşıdığı arzunun gerçəkliyə çevrildiyi gündür.
Bu gün hər bir azərbaycanlının sinəsində qürur hissi, gözlərində fərəh yaşı, ürəyində isə şükran duyğusu yaşadır.
Azərbaycan Xalq Cümhuriyyəti yaranandan, müstəqillik bərpa olunandan sonra respublika vətəndaşları dövlət əhəmiyyətli qələbə bayramı qeyd etməmişdi. Uzun illər boyu xalq bu günün həsrətini çəkmiş, ona inanmış və gözləmişdi. Son illərdə isə Azərbaycan xalqı dövlət səviyyəsində öz Zəfər Gününü qeyd edir.
Bu bayram 2020-ci il sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələrinin təxribatına cavab olaraq başlanmış, 44 gün davam etmiş əks-hücum əməliyyatının nəticəsidir. Bu nəticə xalqın əzmkarlığının və Prezident İlham Əliyevin qətiyyətli siyasətinin bəhrəsidir. Zəfər Günü Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı sərəncama əsasən qeyd olunur.
Məhz noyabrın 8-də Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin simvoluna çevrilmiş Şuşa düşmən işğalından azad edildi. Bu xəbər bütün dünyada yaşayan azərbaycanlıların qəlbində sevinc dalğası yaratdı, xalqın ruhunu yüksəltdi.
[center]
[/center]
Münaqişəyə son qoyan həmin möhtəşəm 44 gün dünya azərbaycanlılarının ictimai, siyasi, mədəni və şəxsi həyatında dərin iz buraxdı. Bu Zəfərin nəticəsi kimi 2023-cü ilin sentyabrında Azərbaycanın suverenliyi tam bərpa olundu. Həmin hadisə 44 günlük qələbənin məntiqi davamı və yekunu oldu: Zəfərin açdığı yol sentyabrda başa çatdı, ölkənin suverenliyi bütünlüklə bərpa edildi. 2023-cü ilin sentyabrı da Zəfərin bəhrəsi kimi dünya azərbaycanlılarının ictimai, siyasi, mədəni və şəxsi həyatında dərin iz buraxdı. Bu, postsovet məkanında həllini tapan yeganə münaqişədir.
Bu tarixi uğurun arxasında xalqın sarsılmaz iradəsi və Ali Baş Komandan İlham Əliyevin əzmi dayanır. Məhz bu iradə və əzm sayəsində illərlə davam edən haqsızlıq aradan qaldırıldı, ədalət bərpa olundu.
Azərbaycan torpaqlarının işğalı milli azadlıq mübarizəsinə zərbə vurmaq, xalqı azadlıq yolundan döndərmək məqsədi daşıyırdı. Lakin Azərbaycan xalqı bu arzudan əl çəkmədi. Çətinliklər, sınaqlar və məhrumiyyətlər xalqın iradəsini qıra bilmədi, əksinə, onu daha da möhkəmləndirdi. Buna görə də Zəfər Günü 1918-ci ildən başlanmış Milli Azadlıq mübarizəsinin yekunu, taleyin xalqa qaytardığı haqq-ədalətdir.
[center]
[/center]
Bu Zəfərin işığı təkcə Azərbaycana düşmədi, region yeni geosiyasi nizama qədəm qoydu. Sülh sazişi imzalandıqdan sonra Cənubi Qafqazda əməkdaşlığın, sülhün və əmin-amanlığın bünövrəsi möhkəmlənə bilər. Lakin bu imkanları yaradan məhz Azərbaycan xalqının dönməzliyi və Prezident İlham Əliyevin uzaqgörən, qətiyyətli rəhbərliyi oldu. Bu gün region ölkələrinin qarşısında ortaq gələcək qurmaq, qarşılıqlı etimad və sabitlik üzərində inkişaf etmək imkanı açılıb.
Zəfərə aparan yol, mübarizə və nəticə sübut etdi ki, münaqişələr mənasız və faydasızdır. Zəfər Günü regionda qarışıqlıq yaradaraq münaqişəni qızışdıranlara da dərs oldu, belə hegemonluğun üzünü ifşa etdi. Tarix göstərdi ki, haqq-ədalət əvvəl-axır öz yerini tapır.
Azərbaycan Silahlı Qüvvələrinin igidliyi, xalqın birliyi və əzmkarlığı, Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə qazanılan Zəfərin əhəmiyyəti zaman keçdikcə daha aydın görünəcək. Bu Zəfər gələcək nəsillər üçün qürur mənbəyi, vətənpərvərlik məktəbi və milli yaddaşın əbədi səhifəsi olaraq qalacaq. Bu Zəfər sınmaz iradənin, birliyin və liderə inamın təcəssümüdür.(Report)
Zəfər Bayramımız mübarək!