Əlillərə 30 manat çox görülür, məmur milyonları isə cavabsız qalır

Bir neçə ildir ki, 3 dekabr – Beynəlxalq Əlillər Günü münasibətilə bütün kateqoriyadan olan əlil vətəndaşlara simvolik də olsa, 30 manat məbləğində maddi yardım ayrılırdı. Bu yardım böyük bir sosial dəstək olmasa da, əlillər üçün dövlətin onları unutmadığının mənəvi ifadəsi hesab olunurdu.
Lakin 2025-ci ilin dekabr ayında vəziyyət dəyişdi. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qəbul etdiyi yeni qərara əsasən, bu maddi yardım yalnız I qrup əlillərə şamil edildi. Nəticədə II və III qrup əlillərin böyük bir hissəsi illərdir aldıqları bu kiçik, lakin onlar üçün önəmli dəstəkdən məhrum oldu. Son günlərdə onlarla əlil vətəndaş bu məsələ ilə bağlı ictimai fəallara və mediaya müraciət edərək narazılığını bildirir.
Bu qərar cəmiyyətdə ciddi suallar doğurur. Sosial sahədə “qənaət” siyasətindən danışıldığı bir vaxtda, dövlətin ən həssas təbəqələrindən olan əlillərin maddi dəstəkdən kənarda qalması nə dərəcədə ədalətlidir? Xüsusilə nəzərə alsaq ki, 30 manat büdcə üçün ciddi yük deyil, lakin əlil vətəndaş üçün gündəlik ehtiyacların qarşılanmasında az da olsa rol oynayır.
Eyni zamanda cəmiyyətdə başqa bir reallıq da diqqətdən yayınmır. İllərlə dövlət qulluğunda çalışmış, sonradan vəzifədən azad edilmiş bəzi icra başçıları və yüksək vəzifəli məmurların milyonlarla ölçülən sərvətlərə sahib olması ilə bağlı məlumatlar dolaşır. Bahalı villalar, obyektlər, torpaq sahələri və biznes strukturları ictimai müzakirə mövzusuna çevrilib. Bu isə təbii olaraq sual yaradır: dövlət maaşı ilə çalışan bir məmur bu qədər var-dövləti necə əldə edə bilər?
Cəmiyyət bu suallara aydın və şəffaf cavablar gözlədiyi halda, sosial yardımların azaldılması qərarı ictimai ədalət hissini daha da sarsıdır. Əgər qənaət edilirsə, bu qənaət niyə məhz əlillər kimi həssas təbəqənin hesabına aparılır? Niyə sosial müdafiəyə ayrılan vəsaitlər ixtisar olunur, amma məmur sərvətlərinin mənbəyi illərlə cavabsız qalır?
Unutmaq olmaz ki, əlillik insanın seçimi deyil. Əlil vətəndaşlar əlavə tibbi xərclərlə üzləşir, iş tapmaqda çətinlik çəkir, sosial həyata inteqrasiya üçün daha çox dəstəyə ehtiyac duyurlar. Belə bir təbəqəyə yönəlik dəstəyin azaldılması “sosial dövlət” anlayışı ilə ziddiyyət təşkil edir.
Bu məsələ təkcə 30 manatla bağlı deyil. Bu, dövlətin vətəndaşına münasibəti, sosial ədalət prinsipləri və cəmiyyətlə hakimiyyət arasında etimad məsələsidir. Əgər bu gün əlillərin səsi eşidilmirsə, sabah bu narazılıq daha geniş ictimai narahatlığa çevrilə bilər.
Aidiyyəti qurumların bu qərarla bağlı ictimaiyyətə aydın izahat verməsi, sosial yardımların bərpası imkanlarına yenidən baxması və eyni zamanda məmur gəlirləri və sərvətləri ilə bağlı şəffaflıq mexanizmlərini gücləndirməsi vacibdir. Əlillərə qayğı yalnız rəsmi çıxışlarda deyil, real qərarlarda öz əksini tapmalıdır.
Rauf İlyasoğlu