Bakı Weather --°C
|

BMT Azərbaycanla daha hədəfli və strateji əməkdaşlıq modelinə keçid edir

19.03.2026 18:30 | 3

[center]BMT Azərbaycanla daha hədəfli və strateji əməkdaşlıq modelinə keçid edir[/center]
BMT–Azərbaycan Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Proqramı (2026–2030) tərəfdaşlıq münasibətlərinin keyfiyyətcə yeni mərhələsinə keçidini ifadə edir.

Bu barədə "Report"a BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin səlahiyyətlərini müvəqqəti icra edən İqor Qarafuliç danışıb.

"Yeni çərçivə proqramının formalaşdırılması iştirakçıların geniş dairəsi ilə miqyaslı və sistematik məsləhətləşmələrə əsaslanıb. Proqram, BMT tərəfindən göstərilən dəstəyin səmərəliliyini və nəzərəçarpan nəticələrin əldə olunmasını təmin etməyə yönəlmiş hərtərəfli təhlilə əsaslanır. Yeni sənəd çərçivəsində BMT ölkənin iqlim diplomatiyası sahəsindəki mühüm roluna xüsusi diqqət yetirməklə, çoxtərəfli qarşılıqlı fəaliyyət və beynəlxalq əməkdaşlıq lideri kimi Azərbaycana dəstək göstərməyi davam etdirəcək", - İ. Qarafuliç vurğulayıb.

Çərçivə proqramının strateji prioritetləri barədə, müvəqqəti rezident əlaqələndirici qeyd edib ki, birinci strateji prioritet istiqamət inklüziv sosial-iqtisadi artıma yönələcək. O bildirib ki, BMT hökumətlə birgə çalışaraq Azərbaycanda bütün insanların bərabər, yüksək keyfiyyətli xidmətlərdən, həmçinin innovativ və inklüziv iqtisadiyyatdan faydalanmasını təmin etməyə dəstək verəcək. "Söhbət bunlardan gedir: şəhər və kənd inkişafı üzrə sübuta əsaslanan siyasətlərin hazırlanması və icra potensialının gücləndirilməsi, balanslı şəhər-kənd inkişafını təşviq edən inklüziv şəhər siyasətlərinin dəstəklənməsi, mikro, kiçik və orta sahibkarlığın (MKOS) inkişafı, layiqli əmək və innovasiyanın təşviqi, həmçinin ticarət və nəqliyyat əlaqələrinin yaxşılaşdırılması üçün nəqliyyat dəhlizlərinin inkişafına dəstək göstərilməsi, Azərbaycanın regional ticarət və nəqliyyat mərkəzi kimi rolunun gücləndirilməsi", - İ. Qarafuliç bildirib.

Bundan əlavə, datalara əsaslanan və insan yönümlü dövlət və sosial xidmətlərin, o cümlədən rəqəmsal həllər vasitəsilə göstərilməsi üçün milli potensialın artırılması nəzərdə tutulur.

Müvəqqəti rezident əlaqələndiricisi qeyd edib ki, ikinci strateji istiqamət "yaşıl artım" və iqlim dəyişikliyinin fəsadlarına qarşı dayanıqlılığın artırılması ilə bağlıdır. BMT Azərbaycanın daha yaşıl və dayanıqlı inkişaf modelinə keçidini dəstəkləyəcək.

"Bu istiqamətə - iqlim və ekoloji risklərə hazırlıq üzrə siyasət və sistemlərin gücləndirilməsi, ədalətli keçid, təbii resurslara bərabər çıxış, onların davamlı istifadəsi və idarə olunması, iqlimə davamlı ekosistemlər və dövri iqtisadiyyat təşəbbüsləri üçün bütün səviyyələrdə potensialın artırılması, fərdlərin və icmaların ekoloji məsuliyyət və iqlim fəaliyyəti üçün zəruri bilik və bacarıqlarla təmin olunmasına dəstək göstərilməsi daxildir", - İ. Qarafuliç əlavə edib.

O həm də vurğulayıb ki, bu strateji prioritetlər birbaşa olaraq "Azərbaycan 2030" baxış sənədində müəyyən edilmiş milli prioritetlərlə uzlaşır. Eyni zamanda, Çərçivə Sənədi ümumi baxışla yanaşı, iqtisadi transformasiya və dayanıqlı artıma daha aydın yönəlməni əks etdirir, lakin insan yönümlü yanaşmanı da qoruyub saxlayır.

Daha çox xəbər