Bakı Weather --°C
|

İnsan Allahın əşrəfidir...

26.01.2026 10:10 | 3

Elçin İsgəndərzadə haqqında qısa etiraf

Günəş qürub edəndə ətraf aləm zülmətə qərq olur. Həmin an torpağın da, gecənin içində çırpınan ilğımların da təlaşı artır. Səhər açılar-açılmaz, günəş yenə öz şölələrini saçır, təlaş itir...
Bəzi insanlar da belədir; gözlərinin qarşısında dağ kimi görünəndə özünü daim qovğadan uzaq bilirsən. Onların varlığı səndə daxili (sarsılmaz bir) rahatlıq qurur...
Azərbaycan Milli Aerokosmik Agentliyi, Elmi-Tədqiqat Aerokosmik İnformatika İnstitutunun direktoru, texnika və filologiya elmləri doktoru, Azərbaycan Texniki Universitetinin professoru, Prezident təqaüdçüsü, Azərbaycan Respublikasının Əməkdar müəllimi, Azərbaycan Respublikasının Fəxri Mədəniyyət İşçisi
Elçin İsgəndərzadə də bizim qürur duyduğumuz, hər dəfə rastlaşanda və ya adını eşidəndə eyni məmnunluqla dolduğumuz, sənət aləmində uca dağ kimi gördüyümüz simalardan biridir.
Elçin İsgəndərzadə görkəmli ictimai xadimdir. Bir sıra fəxri uğurlara imza atıb, bir o qədər də nailiyyətləri, titulları var. Məqsədimiz onları təkrar sadalamaq deyil. Biz o işıqlı insanın şəxsiyyətini qabarıq fəlsəfi notlarla təqdir etmək istəyirik.
Elçin İsgəndərzadə böyük tərcümeyi-hala malikdir. Təsəvvür edək ki, orada qeyd olunanların hərəsi bir ömür anıdır. Və fərqinə varaq ki, hörmətli alim nə boyda ömür yolu keçib. O yolların (heç də) hamısı hamar olmayıb. O, məqsədinə doğru inamla irəliləyib, bəzən təlaşda bişib, bəzən “həyəcan gölü”ndə boğulub, bəzən tikanlı cığırları yalın ayaqla keçib, bəzən də həyatın soyuq materiklərində donub. Ancaq heç vaxt məyusluq girdabına düşməyib.
Alim elmin, bütövlükdə cəmiyyətin aynasıdır. Alimi mükəmməl, elmi müfəssəl olan ölkə basılmaz ordusu olan ölkə gücündədir. Elçin İsgəndərzadə də elmə uğur bəxş edən alimlərimizdəndir. Onun insan sevgisinin əsas cövhəri elə insana olan sayğısı və diqqətidir. O, dəfələrlə elm dənizinə baş vurub, sonra ucalıqlardakı fövqlərə çıxıb, oradakı ümmanlarda işıq kimi parıltı verib, elmin dərin qatlarında dürr tapıb. O, alçala-alçala ucalanları həmişə öz zəhmət tədarükü ilə məzəmmət edib, beynindəki fikir qabarlarının ufultusundan bir həyat şirinliyi dadıb. Onun insan fəhmindən bir tələbkarlıq, bir ülfət ilğımı püskürür.
Nə xoş ki, Elçin İsgəndərzadənin elm dibçəyində hər zaman tərbiyə, əxlaq təcəssümlü “çiçəklər” açıb. Gənc elmi nəsil bu “çiçəklər”in qoxusunu ciyərlərinə çəkə-çəkə yetişib, bünövrələrini zəhmət daşları ilə bərkidiblər. Bax buna görə o, cəmiyyətin alqışına layiqdir.
Ədəbi fövqün ən üstün qatlarında ilham pəriləri olur. Şairlərin səmt tapdıqları istiqamətlər o pərilərin işıqları ilə süslənir. Elçin müəllimin də şair mülkünü o pərilər nura büküb. Onun hik¬mə¬tamiz həyat, yaşam və tale paradokslarında da bu qaynarlıq real təsəvvürlərdir.
Elçin müəllimin şair dərkində şeir bir mütləqdir, duyğu bir mövcudat. Biz onun (demək olar ki,) bütün qələm nümunələrində bu zərrəvi tendensiyanın təqdimatına rast gəlirik. Əsas odur ki, müəllif öz ədəbi faktını sözün batini şəkli ilə qapayır, hissi-düşüncədə oynaq ritm doğuran təfsilatları oxucu auditoriyasının maraq dairəsi edir.
Elçin İsgəndərzadə (bundan sonra da) çoxlarının üz tuta biləcəyi, ümid edəcəyi və kömək umacağı insan-şəxsiyyətdir. O, körpəlikdən zəhmət adamı olmaq, azacıq ucalıqdan ötrü alçalanlara yerlərini göstərməyi bacarmaq, qeyrətlə ucalmaq, şərəflə qocalmaq, Allahdan daim xoş ovqat ummaq, bir şəxsiyyət kimi hörmət qazanmaq və s. üçün bir ömür xərcləyib. Onun həyat proqramı məhz bu olub. O, ilk vaxtlardan həyatını elə bu proqram üzərində qurub.
Qısası, Elçin İsgəndərzadə alim kimi də, insan kimi də və şair kimi də (qram-qram) şöhrət, ehtiram, rəğbət və sevgi qazanıb. Bu qazancın təməlində zəhmət durduğu üçün o, qalxdığı zirvələrdən heç vaxt enməyəcək. Çünki o ucalıqlarda qalmaq üçün (yetərli) haqq qazanıb.
Və Haqla olduğu, Haqda olduğu üçün (də) onun söz-fikir-kömək qapıları həmişə insanların üzünə açıqdır... Biz bu mənanın fövqündəyik.
Dünyanın, yaranışdan bir kitab - göyü, yeri, torpağı, suyu... nəhayət, Adəmi, Həvvası bəlli bir kitab olduğu çoxumuza bəllidir. Elçin İsgəndərzadə ibtidaidən normal həddə çatana qədər bu kitabı ibadət daşı kimi öpüb, lakin təfəkkür, zəka qatı açıldıqca, o, bu kitabı bir həyat gerçəyi kimi anlayıb. İndi həmin kitab – o həyat salnaməsi daş yaddaşlardan sıza-sıza yüksək təbəqələrdə ulduz kimi sayrışmaqdadır. Orada ictimai nəzərlər bütün təbəddülatları qabaqlayır... Biz o kitabdan bir damla nur götürüb taleyin-həyatın hicran qoxusundan uzaqlaşırıq...
Elçin İsgəndərzadə xoşbəxtdir ki, yaşadığı, təqdir etdiyi, müxtəlif çırpıntılara məruz qoyduğu ömür qədər təriflənir. Hörmətli ziyalı, müdrik insan, alim, şair, publisist, pedaqoq, ən başlıcası, nüfuzlu şəxsiyyət Elçin İsgəndərzadə dost-həmkar diqqətində daim bu görkəmdə məna tapıb.
Biz (hər dəfə) Elçin İsgəndərzadə haqqında yazılmış, deyilmiş və səslənməkdə olan fikirlərə aludə olduqca belə qənaətə gəlirik ki, insan sözün həqiqi mənasında yaranmışların ən kamili, Allahın əşrəfidir...

Hikmət Məlikzadə,
Şair-tədqiatçı

Daha çox xəbər