Problem elə anlayışdır ki…

Problem elə anlayışdır ki, onsuz həyat yoxdur. Bütün sahələrdə o, var...
Ədəbiyyat da heç vaxt problemsiz ötüşməyib; hələ əsrlər əvvəl də müvafiq əngəllər bu sahədə öz əks zərurətini və zidd tərəfini aşkar göstərib, zamanla ədəbi proseslər arasında bir uzaqlıq yaranıb...
Müasir dövrdə də ədəbiyyatın öz problemləri, öz əngəlləri var. Məsələn, təbliğ və çap olunmamaq, ədəbi cameədən kənar saxlanılmaq, ədəbi fərddə istedada yox, maddi resurslara üstünlük vermək və s. Buna bir az dövr, mühit şərait yaradırsa, bir az da (bəlkə də daha çox) insan zəmin verir.
Təəccüb doğurası haldır ki, müasir ədəbiyyatın tənqidi də sanki ədəbi prioritetlərdən kənar düşüb. Diqqət yetirsək, görərik ki, bu gün yazılan tənqidlərin əksəri - daha çoxu məzmunsuz, mənasız və (sadəcə) tərif xarakterlidir. Bu da onunla isbat olunur ki, tənqidçi ədəbi fərddə istedadı yox, maddi resursu əsas götürür, bununla da ədəbiyyata xəyanət edir.
Eləcə də ədəbi cameədə sanki bir qrup şəxs hökmrandır, ətraflarına da sanki öz oxşarlarını, sığallarına “yatanları”, özlərindən istedadsızları toplayır, yalnız onlar çap və təbliğ olunur, yalnız onlar dövlətdən faydalanırlar. Belə halda ədəbiyyat sənətəxidmət vasitəsi olaraq deyil, şəxsi maraqlara xidmət ünsürü kimi diqqət çəkir. Müqayisə üçün deyək ki, bugünkü tanınmış, görkəmli şair və yazıçıların əksəri sovet dövründə təbliğata cəlb olunmuş, kitabları dövlət hesabına nəşr edilmiş, mükafatlar verilmiş şəxslərdir. Müasir ədəbiyyat isə sanki problemlə qol-boyun olmaqda israrlıdır. Bu, təkcə ziddiyyət üçün deyil, həm də şəxsi maraqların ehtivası üçündür. Bu və bu kimi problemlər tam olaraq əsas verir deyək ki, təbliğat qatarında oturdulmuş ədəbi nəsillərdən gələcək illər üçün çox şey (bəlkə də heç nə) gözləməyə dəyməz...
Bəllidir, əsl sənət gerçəkləri yaradanlar necə deyərlər, hələ papaq altında ah-vaydadır. Müasir ədəbiyyatı da yalnız onlar dirçəldə və gələcək nəsillər üçün etibarlı edə bilərlər. Ancaq onların üzünə kim qapı açır ki? Yaxud onlara heç qapı açan var?
Bilirik ki, ədəbi qurumlar ədəbiyyatın inkişafına xidmət üçündür. Hələ sovet dövründə də ədəbi qurumlar dərnəklər şəklində ədəbiyyataxidmət idi, nəticədə tutarlı sənət nümunələri meydana çıxırdı. Bu gün də belə qurumların məqsədi (sadəcə görüntü olaraq) ədəbi cameədə məzmunlu performanslar sərgiləməkdir. Lakin təəssüf hissilə qeyd etməliyik ki, son 20-25 ildir ədəbi qurumlar da sanki öz maraqlarını güdür, ədəbiyyat, poeziya və nəsr bu qurumun ümdə xarakteri kimi ehtiva etmir.
Biz əvvəllər Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda ədəbi diskussiyaların, ədəbi tənqidin, dəyirmi masaların, müzakirə saatlarının şahidləri olmuşuq. Bu, mətanətli ədəbiyyat adamının yetişməsinə əsaslı zəmin verirdi. Bu gün isə “Natəvan” klubunda yalnız kitab təqdimatları keçirilir. Nəticədə ədəbiyyat yox, fərd “qazanır”.
Əvvəlki illərdə bəlli ki, ədəbi qurumlarla bərabər, həm də ədəbi birliklər var idi və o birliklərdə əsl “söz müharibəsi” gedirdi. Son otuz ildir onlar da sanki iflas edib, ədəbiyyataxidmət missiyalarını dondurublar. Belə halda da tutarlı qələm sahibi yetişdirə, məzmunlu əsər yarada bilmək çox çətindir.
Bir sözlə, ədəbi cameə istetada yol açmalıdır. Maddi maraq üzərindən ortaya atılan hər nə varsa, zir-zibildən başqa bir şey deyil.
Bəli, problem elə anlayışdır ki…
Hikmət Məlikzadə