Geka Geladze daxili işlər nazirinin müavini vəzifəsini tutacaq - YENİLƏNİB
[center]
[/center]
Geka Geladze Gürcüstan DTX-dən istefa verib, daxili işlər nazirinin müavini vəzifəsini tutacaq.
Bu barədə Baş nazir İrakli Kobaxidze brifinqdə açıqlama verib.
Baş nazir Geka Geladzeyə DTX rəhbəri kimi gördüyü işlərə görə təşəkkür edib və onu vicdanlı insan, peşəkar kimi xarakterizə edib. Kobaxidze Geladzenin Daxili İşlər Nazirliyi və DTX rəhbərliyi vəzifələrində çalışdığı müddətdə dövlət təhlükəsizliyinin təmin olunmasına, həmçinin mütəşəkkil narkotik və korrupsiya cinayətləri də daxil olmaqla cinayətkarlıqla mübarizəyə mühüm töhfə verdiyini bildirib.
İrakli Kobaxidze qeyd edib ki, Geka Geladze bilik və təcrübəsi ilə Daxili İşlər Nazirliyinin komandasını gücləndirəcək.
Bununla yanaşı, Baş nazir Tamaz Boraşvilinin Dövlət Təhlükəsizlik Xidmətinin yeni rəhbəri vəzifəsinə namizədliyini açıqlayıb.
Hazırda DTX rəhbərinin müavini olan Tamaz Boraşvili daha əvvəl qurumun Dövlət Təhlükəsizliyi Departamentinin direktoru vəzifəsində çalışıb.
Gürcüstan qanunvericiliyinə əsasən, DTX rəhbəri Baş nazirin təqdimatı əsasında parlament tərəfindən təsdiqlənir.
Qeyd edək ki, Geka Geladze bu gün DTX rəhbəri vəzifəsindən istefa verdiyini açıqlayıb. O, fəaliyyətini başqa dövlət qurumunda davam etdirəcəyini bildirib.
***
Geka Geladze Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəhbəri vəzifəsindən istefa verib.
Bu barədə Geka Geladze qurumun rəsmi saytında yayımlanan açıqlamada bildirib.
O, qərarın siyasi komanda ilə məsləhətləşmələrdən sonra qəbul edildiyini qeyd edib. Geka Geladze fəaliyyətini başqa dövlət qurumunda davam etdirəcəyini və burada da ölkə və cəmiyyətin maraqlarına xidmət edəcəyini bildirib.
Geka Geladze DTX rəhbəri kimi fəaliyyətini böyük məsuliyyət hesab etdiyini vurğulayıb. O bu müddətdə Xidmət əməkdaşları ilə birlikdə Gürcüstanın təhlükəsizliyinin gücləndirilməsi və milli maraqların qorunmasına yönəlmiş işlər gördüklərini qeyd edib.
Geladze DTX əməkdaşlarına peşəkarlıqları və fədakarlıqlarına görə təşəkkür edib. O, həmçinin göstərilən etimada görə siyasi komandaya, xüsusilə "Gürcü Arzusu" partiyasının fəxri sədri Bidzina İvanişviliyə və Baş nazir İrakli Kobaxidzeyə təşəkkürünü bildirib.
Geka Geladze əmin olduğunu deyib ki, Dövlət Təhlükəsizliyi Xidməti qarşısına qoyulan mühüm vəzifələri bundan sonra da layiqincə yerinə yetirəcək və ölkənin təhlükəsizliyini qoruyacaq.