Baba Yurdum URUD kəndi

Qafqazda ən qədim yaşayış məntəqələrindən biri hesab edilən Urud kəndi Qarakilsə rayon mərkəzindən 15 kilometr şərqdə, Bazarçayın sol sahilində Vağudi kəndi ilə Şam qəsəbəsinin arasında, dəniz səviyyəsindən 1450 metr yüksəklikdə yerləşir.
Urud toponiminin mənası tam aydınlaşdırılmamışdır. Bu barədə bir neçə ehtimalın üzərində dayanmaq olar.
Toponimçi alim professor Qiyasəddin Qeybullayev Urud toponimini eramızdan əvvəl VII əsrdə bölgəyə gəlmiş sakların bir qolu olan Rot-Pasionlarla əlaqələndirir.
Urud toponimi ilə bağlı başqa bir versiya kəndin çay qırağında yerləşməsi ilə əlaqədar fars dilindəki "rud" (çay) sözü ilə izah edilməsi cəhdidir. Maraqlıdır ki, Çar Rusiyası dövrünə aid sənədlərdə kəndin adı Rut şəklində yazılmışdır.
Urud kəndinin adına ilk dəfə XV əsrə aid mənbələrdə rast gəlinir. Urud kəndi 500 ilə yaxın bir müddətdə bölgədə nahiyə mərkəzi olmuşdur.
Urud kəndi Zəngəzurda ən qədim yaşayış məskənlərindən biri olmuşdur. Urud qalasının adının IX-X əsr mənbələrində "Rūd-əz-Rūd" şəklində çəkilməsi, buradakı Babək qalasının mövcudluğu, orta əsrlərə məxsus Alban qəbiristanlığı, Baydar kahası və s. tarixi abidələr bu kəndin qədimliyindən xəbər verən tarixi faktlardır.
Urud qalası – Qarakilsə rayonunun Urud kəndində VI-VII əsrlərdə tikilmiş müdafiə qalasıdır. Bazarçayın sağ sahilində sərt sıldırım qayalığın üzərində yerləşirdi.
Qaraqoyunlu hökmdarı Qara Yusif 1407-ci ildə Urud qalasını almış və yerli feodal Məlik Bəşirə qalanın hakimliyini təyin etmişdir. Qeyd etmək yerinə düşərdi ki, Qaraqoyunlu feodallarından olan Məlik Bəşirin tayfası üç yüz ilə yaxın bir müddətdə Urud qalasının hakimi olmuşlar. Məlikbəşirlilər XX əsrin əvvəllərinə kimi Urudda yaşamış, yüksək dini təhsil görmüş, dini rütbə daşımış, savadlı, seçilib-seçilən bir nəsil kimi tanınmışdır. 1905-ci il erməni-müsəlman davası zamanı Urud kəndindən bir neçə ailə, o cümlədən Məlikbəşirlilər köçüb Bakıya və Orta Asiyaya getmişlər.
Urud qalası indi uçulub-dağıdılmış haldadır, qalanın yuxarıdan görünüşü şimal-qərb və cənub-şərqə doğru uzanan yəhər formasındadır. Qala hər üç tərəfdən sıldırım qayalarla əhatə olunmuşdur. Yalnız cənub-qərb tərəfdən qoşa hasar divarlarının qalıqları görünür. Urud qalasının Bazarçaya baxan divarında çaya doğru gedən yeraltı yolun qalıqları indiyədək saxlanılmaqdadır.
1727-ci ildə Osmanlı hökumətinin əhalinin siyahıya alınması məlumatına görə, Urud kəndində 40 evdə 156 kişi və 134 qadın olmaqla müsəlman əhali yaşamışdır.
2. Urud kəndinin mikrotoponimləri: Babək qalası, Bazar çayı, "Zor-zor" bulağı, Broliz qayası, Qarasu arxı, İstisu bulağı, Cəfər bulağı, Qarıya bulağı, Baldırğanlı bulaq, Kəklik bulağı, Ağyoxuş, Baydar qalası, Bənövşəli dərə, Taxtalar, Sarı Güney, Gədər daş, İlan qayası, Vəli qayası, Toğuzlu, Armudlu dərə, Cömərz yer, Meydanlar, Qoncalı adası, Bal bağı, Mirəhməd yeri, Xan oturan, Qazı bağı, Dərəbatan, Şirvan əkən və s.
1918-ci ildə Andranik Ozanyanın komandanlıq etdiyi erməni ordusu Zəngəzurun bütün azərbaycanlı kəndləri kimi Urud kəndini də dağıtdı, sağ qalan əhalinin bir hissəsi Laçının Zabux kəndinə, bir hissəsi Qubadlının Mahmudlu kəndinə, bir hissəsi Zəngilanın İcah kəndinə, bir qismi də Cəbrayılın Daşkəsən kəndinə pənah apardı və bu kəndlərdə 1922–1923-cü illərədək yaşadılar. Zəngəzurda sovet hakimiyyəti qurulandan sonra – 1922-ci ildə Urud camaatı yenidən öz dədə-baba yurdlarına qayıtdılar.
Urudda XVI əsrin axırlarından molla məktəbi, 1905-ci ildən isə 4 siniflik rus-tatar məktəbi fəaliyyət göstərmişdir. Əsrin əvvəllərində çox da böyük olmayan bir dağ kəndində dünyəvi təmayüllü rus-tatar məktəbinin açılması çox böyük bir uğur idi və Nəcəfdə ali ruhani təhsil almış, elmi, mədəni, ictimai proseslərdən fəal baş çıxaran və iştirak edən Urudlu ziyalılar Molla Bəşirin, Molla Fətullahın, Mirzə Hüseynin, Mirzə Sadığın (Məmməd Sadıq Aran), Mirzə Şəmsəddinin öz həmyerliləri qarşısında misilsiz xidmətinin nəticəsi idi.
Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin Zəngəzurdan olan millət vəkili, Cümhuriyyətin süqutundan sonra Türkiyədə Mühacir Azərbaycan Hökumətinin üzvü olmuş Məmməd Sadıq Aran, 1938–1947-ci illərdə Naxçıvan MSSR-in Ədliyyə Naziri olmuş Əbdülmanaf Hacıyev, Ermənistan SSR tarixində yeganə azərbaycanlı KP MK Siyasi Büro üzvü, Ermənistan KP MK-nın ideologiya üzrə katibi, İrəvan Şəhər Partiya Komitəsinin birinci katibi, Azərbaycan KP MK-da İdeologiya şöbəsinin müdiri, Marksizm-Leninizm İnstitutunun direktoru işləmiş tarix elmləri doktoru Məmməd Salman oğlu İskəndərov, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvləri Sabir Hacıyev, Vladimir Tahirov, Yaqub Yaqubov, Elşad Qurbanov, Azərbaycanın Milli Qəhrəmanları Aqil Quliyev və Fəxrəddin Nəcəfov Urud kəndində doğulub böyümüşlər.
3. Azərbaycan Respublikasının ictimai-siyasi, elmi həyatında fəal iştirakına görə dövlətimizin ən yüksək mükafatlarından biri olan "Şöhrət" ordeni ilə təltif olunmuş professor Sabir Hacıyev, həkim Cəmaləddin Quliyev, kənd təsərrüfatı sahəsində elmi adlara layiq görülmüş Qəşəm Gəncəliyev, jurnalist Flora Xəlilzadə, millət vəkili Musa Quliyev Urud torpağının yetişdirmələridir.
Urud kəndində 1886-cı ildə 270, 1905-ci ildə 435, 1914-cü ildə 408, 1931-ci ildə 340, 1986-cı ildə 1000 nəfər azərbaycanlı əhali yaşamışdır. 1988-ci ildə 125 evlik bu kəndin əhalisi Azərbaycana qovulmuşdur. Ermənistan SSR Ali Sovetinin Rəyasət Heyətinin 03.07.1968-ci il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək Vorotan, 09.06.2017-ci ildə isə Vorotnavan adlandırılmışdır.
Bir məsələni də xatırlatmaq istəyirəm ki, Azərbaycan tarix məkanında öz dəst-xətti ilə seçilən alimlərdən olan, Urud qəbiristanlığında elmi araşdırmalar aparmaq üçün 1959-cu ildə Ziya Bünyadov, 1961-ci ildə isə tarixçi-etnoqraf alim, professor Məşədixanım Nemətova Urud kəndində çox böyük elmi araşdırmalar aparmışlar.
1999-cu ildə Azərbaycan Prezidenti Heydər Əliyevin sədrliyi ilə Naxçıvan Muxtar Respublikasının 75 illik yubileyi üzrə Dövlət Komissiyasının iclasında EA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi Məşədixanım Nemətova çıxışı zamanı "Zəngəzur Naxçıvana, Naxçıvan da Azərbaycan ölkəsinə daxildir, hamısı Azərbaycan torpaqlarıdır" deməklə Heydər Əliyevlə onun arasında yaranmış dialoqu qısaca da olsa, olduğu kimi oxuculara xatırlatmağı özümə borc bildim:
– Heydər Əliyev: Siz o yerlərdə olmusunuzmu?
– Məşədixanım Nemətova: Hamısında olmuşam.
– Heydər Əliyev: Urud kəndində olmusunuz? Çox gözəl anlatdınız.
– Məşədixanım Nemətova: Olmuşam, kəndin qəbiristanlığının bütün şəkillərini çəkmişəm.
– Heydər Əliyev: Sağ olun. Yenə söz demək istəyən varmı?
P.S. Söz demək istəyən çox olacaq, cənab Prezident! Biz hələ öz sözümüzü deməmişik!
Urud kəndi elə bir kənd idi ki, bu kəndi tanıyanlar, burada bir dəfə olanlar heç vaxt Allahın bu təbiət möcüzəsini unuda bilməzlər. Kəndin təbiəti, havası, suyu, insanları haqqında həmişə ürək dolusu danışarlar. Urud kəndinin camaatı mehriban, zəhmətsevər, böyük-kiçik yeri bilən, bir-birinə hörmətlə yanaşan, qonşularla həmişə mehriban münasibətlər saxlayan, köməklik göstərib əl uzadan, qonaqpərvərlikləri və möhtəşəm dostluqları ilə fərqlənən, düzgünlükləri ilə seçilən, xeyir və şər mövsümlərində iştirak edib yaxından bir-birinə köməklik edən, sevinc və kədərlərinə şərik olub birgə bölən, hər dövrün mərd, qəhrəman və görkəmli ziyalıları ilə fəxr edib qürur duyan, ziyalılığa, oxumağa-elmə çox böyük meylliliyi ilə seçilən, həmişə qonaqlı-qaralı insanları olan, dağlar qoynunda yerləşən səfalı bir kənddir.
Çox təəssüf ki, Urudda uşaqlığı keçən, böyüyüb boya-başa çatan, indi ahıllaşmış insanlar öz baba yurdundan qaçqın düşüb, hərə bir məkanda məskunlaşmış, Urud həsrəti ilə yaşayırlar.
Hamı Uruda getməyi arzulayır. Ümidimizi heç vaxt üzmürük, tariximizi qoruyub saxlamaq üçün hərə əlindən gələni edir.
Bu məqaləni də xoş arzularla, Uruda, Zəngəzura və bütövlükdə Qərbi Azərbaycan torpaqlarımıza qayıdacağımıza böyük ümidlə bitirirəm.
Hörmətlə: Elsevər Gəncəliyev.
11.08.2026