Bakı Weather --°C
|

Azərbaycanda evliliyə mane olan səbəb tapıldı: bahalı cehizlər

08.07.2026 10:58 | 5

[center]Azərbaycanda evliliyə mane olan səbəb tapıldı: bahalı cehizlər[/center]
Son illər Azərbaycanda gəlin köçən qızların cehizi ilə bağlı gözləntilərin artdığı müşahidə olunur. Əvvəllər ailə qurmaq üçün zəruri sayılan məişət əşyaları kifayət edirdisə, indi bahalı mebel dəstləri, tam təchiz olunmuş mətbəx, məişət texnikası, hətta bəzi hallarda mənzilin tam şəkildə hazırlanması tələb olunur. Sosioloqlar hesab edirlər ki, bu tendensiya gənclərin ailə qurmasını çətinləşdirir, ailələr üçün əlavə maliyyə yükü yaradır və evlilik yaşının gecikməsinə səbəb olur.

Mövzu ilə bağlı fikirlərini Modern.az-la bölüşən AzTV-nin məşhur "Ailələr, talelər" verilişinin aparıcısı olmuş telejurnalist Nailə İslamzadə hesab edir ki, cehiz yükünün ağırlaşması tək bir səbəblə izah oluna bilməz.

Onun sözlərinə görə, burada sosial şəbəkələrin yaratdığı psixoloji təzyiq, cəmiyyətin formalaşdırdığı stereotiplər və iqtisadi çətinliklər eyni vaxtda rol oynayır.

"Əvvəllər cehiz ev qurmaq üçün lazım olan əşyalardan ibarət idi, indi isə bəzən nümayiş vasitəsinə çevrilir. Paylaşılan videolar, bahalı cehiz təqdimatları və müqayisələr ailələr üzərində psixoloji təzyiq yaradır. İnsanlar "biz də geri qalmayaq" düşüncəsi ilə imkanlarından artıq xərc çəkməyə çalışırlar".

N.İslamzadə qeyd edib ki, bəzi ailələr hələ də cehizi qız ailəsinin nüfuzu ilə əlaqələndirirlər.
[center][/center]
"Halbuki ailənin möhkəmliyi cehizin dəyəri ilə deyil, qarşılıqlı hörmət, sevgi və məsuliyyət hissi ilə ölçülür".

Jurnalistin fikrincə, bahalaşan qiymətlər də ailələrin yükünü artırır.

"Qiymətlərin artdığı bir dövrdə ən sadə ev əşyalarının belə alınması böyük maliyyə yükünə çevrilib. Nəticədə illərlə cehiz yığmağa çalışan ailələr ciddi maddi çətinliklərlə üzləşirlər".

O bildirib ki, bu tendensiya gənclərin evlənməsini gecikdirir, ailələri borclandırır və tərəflər arasında narazılıqlara səbəb olur.

"Bu gün məsələ təkcə qız cehizi ilə məhdudlaşmır. Bir çox ailələrdə oğlan tərəfinin üzərinə də böyük maliyyə yükü düşür: ev, təmir, mebel, toy xərcləri, qız üçün bahalı qızıl-zinət əşyaları, geyim, bəzən isə əlavə hədiyyələr. Nəticədə hər iki ailə kim daha çox edəcək, kim daha çox müğənni çağıracaq yarışına qoşulur. Bu yarışın qalibi olmur, əksinə, hər iki tərəf maddi və mənəvi gərginlik yaşayır".

Nailə İslamzadə hesab edir ki, problemin kökü ənənələrin özündə deyil, gözləntilərin həddindən artıq böyüməsindədir.

"Əgər hər iki tərəf imkanına uyğun davranarsa və başqaları ilə müqayisə etməzsə, həm ailələr borclanmaz, həm də gənclər evlənmək üçün illərlə gözləməzlər. Əslində xoşbəxt ailənin təməli bahalı cehiz, çox qızıl və ya dəbdəbəli toy deyil. Əsas olan qarşılıqlı hörmət, anlaşma və yeni qurulan ailəyə dəstək olmaqdır. Maddi imkanlar isə hər ailənin şəraitinə uyğun qiymətləndirilməli, rəqabət meyarına çevrilməməlidir" - o qeyd edib.
[center][/center]
Sosioloq Mail Yaqublu təəssüflə bildirib ki, ailələr əsas məqsədi - övladlarının xoşbəxtliyini unudaraq diqqəti maddi məsələlərə yönəldirlər.

Onun sözlərinə görə, bahalı cehiz gözləntisi ailə münasibətlərinin sağlam təməl üzərində qurulmasına mane olur.

"Çox ciddi məsələdir. Niyə görə ailələr əsas məsələni unudub təfərrüata varırlar? Əsas məsələ həm oğlan, həm qız evinin diqqət yetirməsi lazım olan şey övladların xoşbəxtliyidir. Bunu unudublar, cehiz arxasınca düşüblər və mənə elə gəlir ki, Azərbaycanda boşanmaların əsas səbəblərindən biri elə bu bahalı cehizlərdir. Oğlan evi qızın bahalı cehizinə gözünü dikib, qızın şəxsiyyətini, əxlaqını, dəyərini unudub, onun gözündə dəyər yalnız bahalı cehizdirsə, o ailənin xoşbəxt olma ehtimalı azdır".

M.Yaqublu hesab edir ki, bu yanaşmanın kökündə mənəvi dəyərlərin arxa plana keçməsi dayanır.

"Niyə görə bəzi ailələrdə bu ifrat dərəcəsinə çatıb? Bu, mənəviyyatın unudulmasıdır. Əgər bir yerdə mənəviyyat, əxlaq, intelekt arxa plana keçsə, o insanlar və ailələr üçün maddiyyat bir nömrəli əhəmiyyətli məsələ olur. Bunun nəticəsində yalnız qızın bahalı cehizi oğlan evinin gözündə olur və bu faciədə biz bununla uşaqlarımızı, övladlarımızı bədbəxtliyə sürükləyirik".

Sosioloqun fikrincə, ağırlaşan cehiz tələbləri gənclərin ailə qurmasına da ciddi maneə yaradır.

"Evlənmələr böyük maneə ilə üzləşirlər. Gənclər ailə qura bilmirlər. Statistikaya baxın. Ötən ilin ilk altı ayında Azərbaycanda 38 min uşaq dünyaya gəlib. Bu ilin ilk altı ayında 28 min, yəni 10 min azalma var. Artım tempi bu qədər azalıb. Niyə? Bax, bu maneələrə görə gənclər ailə qura bilmirlər. Yersiz maneələr, bahalı mebellər kimə lazımdır? Bu bizim mədəniyyətimizə yaddır".

O bildirib ki, Azərbaycan cəmiyyətinin əsas dəyərləri maddiyyat deyil, insanın şəxsiyyəti üzərində qurulmalıdır.

"Bizim mədəniyyətimiz İslam rəngindədir. İslam insanın şəxsiyyətinə önəm verir, onun varına, dövlətinə yox. Təəssüflər olsun ki, bu dəyərlərimizdən uzaq düşmüşük və acı nəticəsini də indi dadırıq".

Mail Yaqublu problemin həlli üçün maarifləndirmənin vacibliyini də vurğulayıb.

"Bunun aradan qaldırılması üçün danışmaq və təlim keçmək lazımdır. Təəssüflər olsun ki, bu bacarıqda olan təlimçilərimizin sayı çox azdır. Mədəniyyət kanalı da bu mövzularda verilişlər hazırlamır".

Daha çox xəbər